قارا اؤرتۆکلر / آیهان میانالې (حیکایه)
شَهَرین اۏرتانجېل بؤیۆک بیر کۆچهسیندهکی یئرلهشن تیکینتینین بئشینجی قاتېندا تئز یاشلانمېش اۏتوزایکی یاشلارېندا بیر کیشی، قارېشېق بیر دوروم’لا اۏتورقایا سؤیکهنیب دریندن نفس آلاراق دۆشۆنجهلرینه دالمېشدې… بیر سۆرَجدن سۏنرا دۆشلریندن آیېلېب گنج قادېنېن جسدینی پنجرهنین یانېنداکې إوجاغېن قاباغېندان قۏناق اۏتاغېنا سارې چکیر، قادېنېن یارېسېنې اؤرتن بیر قارا اؤرتۆڲۆ، ماسانېن چکمهجهسیندن چېخاردېر؛ بَدَنینی اؤرتمهڲه باشلایېر. جسدین بۆتۆنۆنۆ باسدېرماق اۆچۆن عئینی اؤلچۆلۆ باشقا اؤرتۆکلر چېخاردېب، ایشینی سۏنا چاتدېرېر…
ایندی بیر نئچه دقیقه اؤنجهکیندن داها دینجَر دېر – اؤنجهکیندن داها آرتېق دینجَر! درحال قالخاراق اؤرتۆکلری باغلاماق اۆچۆن، داماغېنداکې سیقارې آلېشدېرېب، ایپلری پېچاق’لا کسهرَک، اؤرتۆڲۆن جانېنا سارېیېر. یۏرولوب یئنه مۏبلا سؤیکهنیب، دینجَرلیڲینی پۏزمازدان قالخېب جسدی اؤرتۆڲۆن قارا بۏیاغېنېن سَسینه حاکیم اۏلاناجان اؤن قاپېنېن قارشېسېنا سارې، مومیالې بیر جسد کیمی، یئرده سۆرۆتلهییر!.
ماشېنېن کیشنَرتیسینین سَسی، کیشینی دینجَلدیر؛ ماشېن قاران باسمېش دایانقۏردان گؤزلَنیلمز تۏو’لا ایشېق ساچقېسې اۏلان قاپېیا سارې چېخېر. کیشی قېرمېزې ایشېغېن آرخاسېنداکې گۆزگۆدهکی گؤرۆنَن ساچلارېنا تۏخانېر، گۆزگۆنۆ قالدېرېر و قېرمېزې ایشېغا حَسرَت’له باخېر، آما اومودونون اۏلمادېغې قَدَر دَڲیل؛ نهدنکی داواملې دینجَرلیڲینی پۏزمایېب اۏنو قۏروماق اۆچۆن، بیر یۏل تاپاراق هر زامان آچار کیمی گؤرۆنۆر …
ایندی میانا-تبریز یۏلونون ایلان یئریشینه بنزر بوروقلارېنې کئچیب ، گؤزلری چایلاغېن باغرې’یلا راستلاشېر. چایلاغېن بۏش گؤودهسیندن آرتېق، داش-قومون سسسیز-کۆیسۆز اۏتوروشو گؤزلره چارپېشېر؛ بیرآز ایرهلیده اۏلان تۆنئله یاخېن یۏلدا، تبریزدهکی رۏمانتیک بیر گؤرۆشۆندن قایېدان گنج بیر اۏغلان، ماشېنېنېن آرخا اۏتورقاسېندا قۏیدوغو چیچهڲی گؤتۆرۆب پنجرهدن إشیڲه آتېر و آردېنجا اۏرتا یاشلې کیشییه عایید اۏلان ماشېنېن یانېندان کئچیر؛ سۏنرا اۏرتا یاشلې کیشی، گؤزلرینی درین بیر باخېشا قۏناق إدیب، اۏلدوغو یئره چاتماق اۆچۆن یئنیدن بیر باشقا سیقار یاندېرېر!
شاخار گۆن ایشېغې، گۆنَش و اوزاق بورولقانلې میانا-تبریز یۏلو… سئچیلن کیمسه أساس یۏلون کؤلگهسینی بیلمیر’سه، اۏنو دۏلدوران چوخوردا دینج بیر گلهجهڲین گؤرۆنتۆسۆنۆ گؤرۆر؛ درین بیر نفس آلېر، چۏخ درین و آزاد بیر نفس آلېر – قارا اؤرتۆڲۆن اۆستۆنلۆڲۆ سۏنا چاتدېقدا و اوزاقدان اۏنو اؤلدۆرَن بیر: گۆلله سَسی!
تۆنئل، یۏللارېن بورولقانلېغې، بۏش چایلاقلار، سوسان داش-قوملار، میانا و اؤتن یاشانتېلارېن اؤگئی حسرتلری، کیتابېن قاران باسمېش صفحهلرینده، ایتمهڲه باشلایېر…
إوجاق: شۏمینه، إو اۏجاغې
دینجَر: سۏیوققانلې، خونسرد
دایانقۏر: اۆستاؤرتۆلۆ پارکینگ، اؤرتۆکلۆ ماشېن دایاناجاغې
تۏو: سۆرعت، خېز
Podcast: Play in new window | Download
“QARA ÖRTTÜKLƏR” HİKAYƏSİNƏ BİR BAXIŞ
Araz Əhmədoğlu
Nəsr ədəbiyyatın iki təməl görəvi var: ləzzət və düşüncə. Birinci yerdə, hamılıq olaraq, ədəbiyyat oxuyanlar vaxtlarını qəbul olunmuş bir yol ilə keçirdib oxuduqlarından həzz almaq istəyir. Ondan yuxarı və daha önəmli səviyyədə oxucu yaşadığı dünyanın qaranlıqlarının dərinliklərinə gedib özünü oralarda axtarmaq istəyir. O qaranlıqlarda tapılan özlük, duyqular, təcrübələr və düşüncələri yorumlu ədəbiyyat yaradır. Ədəbiyyatın eyni halda vurqulamağa ehtiyacı olmayan bir görəvi də var: yazıldığı dil-düşüncü canlı saxlayıb zamanla ayaqlaşdırıb gəlişdirmək. Bir zamanlar dədə-babalarımızın dillərindən düşməyib zeyinlərində yazılmış ədəbiyatın dövrü ötüb gedib. İndi yazılmayan bir dil, dil-düşünc ola bilməz.
Hər nədən öncə hiayənin dili və işlətdiyi sözcüklərin dəyəri çağdaşlıq süzgəcindən keçə bilməli dir. Ayhan Miyanalı bütün yaazılarında olduğu kimi bu hikayədə də yeni sözlər’lə oxucunu şoka salır. Əlinə qələm almış dostlarımızın yad sözlərə alışdığı bir durumda Ayhan Miyanalı “oturqa”, “sürəc”, “dincər”, “dayanqor”, “saşqı” və “qaran” kimi sözcüklər yaradır, ya da yaddaşımızın küllüyünnün külləri altından çəkib çıxardır. Başqa dillərdə də onun işlətdiyi teknik’lə yeni sözcüklər yaradan yazıçılar olub. Onların bu işi böyük sayqı’la qarşılanıb. Örnək üçün ingiliscədə “monomyth” sözcüyü Ceymz Coys’un (James Joyce) “Finnegan’s Wake” adlı əsərində işlədilir. C. Coys Sayıqlığın axarı (stream of consciousness) stilinin ustalarından dır. Başqa adlım əsərlərindən “Ulysses” ilə “Portrait of the Artist as a Young Man”i ad aparmaq olar. İngiliscədə “hostel” “house” ilə “hotel”, “motel” isə “motor” ilə “hotel” sözcüklərinin qarışımından törənib. Eləcə də Ayahan Miyanalı dilimizdə “evcaq” ilə “dayanqor” sözlərini yaradır. Belə bir kişiyə “Sözcüklərin İsa’si” deməyək də nə deyək?
Başqa dillərdən alınıb dilimizə təpdirilmiş sözcüklərə alışmış oxucu kütləsinə Ayhan Miyanalı’nın yazdığı əsərlər şok gəlməsi tam doğal bir durum dır. Hələ əlifbeyimizin yazıb oxumaasını düzgün örgənməyən bu oxucunun görəvi bu sözcüklərin anlamını araşdırıb örgənməyə çalışmaq dır. bu mətni yazan dostunuz özü Ayhanın yazdıqlarını oxuyanda sözlüyə ehtiyacı olur. Allah bərəkət versin o canlı ensiklopediya sözlüyün özünə! Ona görə də bizim istəyimiz ilə bundan bəri yazdıqları əsərlərin ətəyində bəzi sözcüklərin açıqlamasını verməyi qəbul etdiyinə görə Ayhan bəyə təşəkkür etmək borcumuz dır. Biri, bu qələm özü çoxlu yeni sözcükləri ondan örgənir.
İkinci çətin durum isə yazıçının özünəözəl qələmindən irəli gəlir. Yazıçı dilimizin sözcüklərinin köklərini örgənməkdə illər gecə-gündüz çalışmaları sonucunda yetkin bir dilçilik uzmanı olmuş bilgə dir. Başqa tərəfdən, yalnız Türk dilli ədəbiyyat yox, bütün dünya ədəbiyyatını sevib örgənən Ayhan Miyanalı’nın yazdığı əsərlər istər istəməz zəngin və dərin düşüncəsindən barınan bir bulaq olmalıdır. Əlbəttə belə bir qələmi anlamaq alışqan oxuculara belə çətin gələ bilər. “Qara örtüklər”i oxuyuan ilk oxunuşda onu polisi-cinayi bir əsər kimi başa düşəcək. Bu olası dır. Ama iş burada bitmir.
“Qara Örtüklər” hikayəsi minimallığına baxmayaraq ilk oxunuşdan insanı dəfələr daha oxumağa çəkir. Bu çəkim hikayənin yorumlu ədəbiyyat olduğunu aydıncasına görsədir. Adından da bəlli olduğu kimi bu hikayə açar simgələr ilə dolu dır. Bu neçə qatlı simgələri özünə açıqlaya bilməyən bir oxucu elə ilk oxunuşda darıxıb hikayəni başa düşmək çabasından vaz keçə bilər. Ama hikayə alışqan bir oxucunu daha dərin düşüncələrə doğru sürükləyəcək. Niyə qara örtüklər? Bu örtüklər yaşadığımız çağın Kovid-19 salqını ilə yayqın etdiyi və hər gün mediyada görüntülərini gördüyümüz cəsəd torbaları ola bilərmi? İlk oxunuşda, hə. Ama bizim dil-düşüncümüzdə “qara” sözcüyü ilə “qara örtüklər” söz birləşimi simgəli deyimlər dir. Ustad N. Mənzuri cənablarının şah əsərlərindən biri “AZ” (آذ) kitabında bu qonuda çox faydalı və örgəməli bilgilər var. “Qara Örtüklər” söz birləşimi dərin bir istiarə dir. İlk olaraq burada fiziki anlam daşımağıa baxçmayaraq obrazın beynində yaranmış yaşamının görmək istəmədiyi anıları və mənəvi varlığı dır.
Üç səhnədə anlandırılmış bu hikayədə yalnız bir obraz var. Birinci səhnədə obraz böyük bir çəhərin ortancıl küçəsində, bir tikintinin beçinci qatında tez yaşlanmış 32 yaşlı bir kişi olaraq qarışıq bir durumda oturqasına söykənib. Obrazın “tez yaşlanmış” görüntüsü onun ağır və acılı bir yaşamından xəbər verir. Bu acılar bu hikayənin yaratdığı havasına görə obrazın özəl həyatından ola bilər. Bu səhnədə o bir qadın cəsədindən qurtulmaq istəyir. Ama bu cəsəd fiziki görünsə də, beyinsəl qara anıları istiarə edir.
İkinci səhnədə yazıçı uğurlu teatr yöntməni kimi qırmızı işıq etkisini ustalıq’la işlədir. Sizcə güzgüyə baxıb saçlarına toxanan obraz qırmızı işığa niyə həsrət’lə baxır? Yazıçı burada surrealismdən çıxıb quruluşsuzluğa (deconstruction) baş vurur. “Maşının kişnərtisinin səsi kişini dincəldir”. Obraz maşına at göz ilə baxırsa bu obrazdaözəl bir qığılcımlar olmalıdır. O qara örükləri o qaran bamış dayanqordan daşımaqda arac kimi işlədilən at olub kişnəyən o maşın kişinin umudlarını hərəkətə gətirən motor dır. Bu motor at ola bildiyi üçün zaman tunelindən o yan bu yana keçə bilməlidir. Bu tunel də istər istəməz oxucunu tanış bir çevrədən keçirtməlidir. Ata-babaların dediyi kimi “adamı qurd yesə də qoy tanış yerdə yesin!” Bu tunel vətənin ortasında yerləşən Təbriz-Miyana olmalıdır. O yolun eniş-yoqquşu, buruq-buruq buruqları yolun, yəni yaşamın alçq –ucalarını simgəlyir. Çaylaq isə çayın axarı, ötəri olaraq quru görünsə də suyun yenə gəlməsini canlandıran o daş-qumların düzülüşü, yaşamın axarını canlandırıb simgələyir.Yenə ata-babalar deyib: “Bir arxa bir dəfə su gəlibsə, yenə gələcək!” Adam bu dil-düşüncün, bu vətənsevərliyin qadasını almasın, neyləsin!
Üçüncü səhnədə romantik bir görüşdən əliboş qayıdan gənc bir oğlan uğursuluğunun görsədicisi olaraq maşnındakı gülü eşiyə atır. Sonrada bu yaşlı obrazın yanından ötərək ona anlamlı bir baxış’la baxır. Sizcə bu gənc obraz kim dir? Onun bu ortayaşlı və yaşlı obraz’la nə ilgisi var? Yazıçı bu gənc obrazı “qaranlıqdan çıxmış at” kimi birdən səhnəyə nə üçün atır? Onun baxışı, davranışı, eşiyə tulladığı gül hikayənin sonu ilə bağlantısı varmı?
Yuxarılarda dediyimiz “sayıqlıq axarı” çağdaş (modern) və çağdaşötəsi (postmodern) ədəbiyyatın işlətdiyi teknik sayılır. Ama Quranı_Kərimdə Hz Musa (Ə.S.)ın nağılını oxuyanlar bu teknikin o qutsal kitabda uğur’la işlədilməsi ilə tanış dır. Uğurlu yazıçılar bu tekniki işlədərək oxucunun biliyi və düşüncəsi ilə oynayıb daha ləzzətli dil-düşünc ilişkiləri qurmağa çalışır. Hikayənin hər üç sənəsində bir obraz var. Ama bu obraz yaşının ayrı ayrı dönmərində anlandırılır. Yazıçı gerişıqlandırma (flashback) tekniki ilə sondan bir dönəm irəli ilə başlayıb geriyə qayıdır. Sonra obraz öz varlığı ilə bir nöqtədə, “dönüş nöqtəsində” öz varlığının zaman-məkan tunelindən keçir. Əsərin sonunda obraz dinc gələcəyini bir çuxurda görür. Son güllə səsi isə hər nəyi qaran basmış kitabın səhifələrində silsə də oxucunu asılır saxlayır. Niyə?
Oxucu dramatik bir gərginlik içində gərilimə çəkilir. Sonu kədər’lə bitən bir trajedi ilə hikayəni bitirir, ama düşünməyi bitirmir. Bu obraz bu tezlikdə birdən birə axar bir ulduz kimi axıb qaranlıqlara qovuşan bir obraz ola bilməz. “Yazıçı qardaş, bu əsərin ardı olmalıdır! Bizi bundan artıq asılı qoyma! Çıxard o kitabıvı! Bizi bundan artıq gözlətdirmə, no’lar?”